Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzi RSXM-lə əməkdaşlıq etmək istəyir

19 Aprel 2022
Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzi RSXM-lə əməkdaşlıq etmək istəyir

Aprelin 19-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzinin Sunami Xəbərdarlıq Mərkəzinin rəhbəri Xəlifə Əl Ebri arasında “Zoom” platforması üzərindən onlayn müzakirələr keçirilib. 

Görüşdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya - minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini, sistem adminstratoru Ruqiyyə Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər. 

               

AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikasl” şöbəsinin müdiri, geologiya - minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova bildirib ki, hazırda mərkəz tərəfindən respublika ərazisində kompleks seysmoloji-geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılır. Seysmoloji tədqiqatların peyk rabitəsi ilə işləyən telemetrik stansiyalar vasitəsi ilə aparıldığını qeyd edən şöbə müdiri seysmik monitorinq mərkəzinin işi və Qarabağda quraşdırılacaq seysmik stansiyalar haqqında məlumat verib. Həmçinin, dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığı və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyi də diqqətə çatdırılıb. 

Bununla yanaşı, bir neçə il əvvəl Dubayda “Kinemetrics” şirkətinin istehsalı olan seysmik stansiyaların şirkətin razılığı əsasında Azərbaycan seysmoloqları tərəfindən quraşdırıldığı da nəzərə çatdırılıb. Görüşdə mərkəz tərəfindən aparılan geofiziki tədqiqatlar və GPS stansiyaların işinə dair də məlumatlar təqdim olunub. 

               

Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzinin Sunami Xəbərdarlıq Mərkəzinin rəhbəri Xəlifə Əl Ebri də görüşdə təmsil etdiyi təşkilat tərəfindən aparılan seysmloji tədqiqatlar və əldə olunmuş nəticələr haqqında məlumat verib. O, Azərbaycanda aparılan seysmoloji tədqiqatların yüksək səviyyədə olduğunu və bunun onlarda maraq doğurduğunu qeyd edib. Xəlifə Əl Ebri RSXM-lə ikitərəfli əməkdaşlıq qurmaq istəyində olduqlarını bildirib. Həmçinin, tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü də istisna edilməyib. 

Görüşün nəticəsi olaraq, tərəflər birgə əməkdaşlığa dair memorandum imzalanması üçün ilkin razılıq əldə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran suallara da aydınlıq gətirilib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə