Qurumun yaranması tarixi
Ötən əsrin 70-ci illərinin sonlarında respublika ərazisində seysmikliyin monitorinq sisteminin yaradılmasına tələbatın artması 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və MEA-nın sərəncamına əsasən AMEA-nın «Geofizika» Elmi Mərkəzində (EM) Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmış, 1980-ci ildə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir.
1980-1990-cı illərdə respublika ərazisinin bütün seysmogen zonanı əhatə edən stasionar geokimyəvi və geofiziki stansiyalar şəbəkəsi yaranmış, episentral zona yaxınlığında geofiziki, hidro-qaz və radiokimyəvi sahələrin planlı şəkildə öyrənilməsinə başlanılmış, seysmogen zonanın gərginlik deformasiya vəziyyətinin qiymətləndirilməsi və geofiziki sahə variasiyalarının və geokimyəvi sahə parametrlərinin anomal dəyişmələrinin seysmoproqnoz əlamətlərinin aşkarlanması metodikası işlənib hazırlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan EA Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-ya 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) statusu verilmişdir.
2000-ci il Xəzər zəlzələsindən sonra Ümummilli Liderimiz H.Ə.Əliyevin göstərişi ilə Respublikada Seysmoloji Xidmət Mərkəzinin gələcək inkişafını təmin etmək məqsədilə 2001-ci ildə tender elan edilmiş və 14 dəst ABŞ-nın «Kinemetrics» şirkətinin istehsalı olan müasir telemetrik – rəqəmli- rabitə (peyk rabitəli) kanallı seysmik stansiyalar alınmışdır. Həmin stansiyalar 2002 - 2003-cü illərdə amerikalı mütəxəssislərlə birlikdə respublikanın 14 bölgəsində (Naxçıvan, Gəncə, Şəki, Bərdə, İsmayıllı, Pirqulu, Cəlilabad, Bəlləbur (Lənkəran), Quba, Dəvəçi, Əli-Bayramlı, Qobu, Qala, Nardaran) quraşdırılmışdır.
Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən Respublika Seysmoloji Xidmət Mərkəzinə daima diqqət göstərilir. Seysmoloji tədqiqatların inkişafini daha da yaxşı təmin etmək məqsədi ilə 2008-ci ildə Azərbaycan Prezidenti cənab İ. Əliyevin sərəncamı ilə hökumət tərəfindın əlavə 7 komplekt «Kinemetrics» seysmotelemetrik stansiyası alinmışdır . 2009-cu ildə Mərkəzə daha əlavə 9 komplekt telemetrik seysmik stansiya alınmışdır və 2010-cu ildə telemetrik seysmik stansiyaların sayı 30-a çatmışdır.
Hal-hazırda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin 30 «Kinemetrics» seysmotelemetrik stansiyası vardır.
AMEA RSXM-nın işi nəticəsində əldə edilən məlumatlardan təkcə istehsalat məqsədi ilə deyil, elmi-tədqiqat araşdırmaları zamanı da istifadə edilməkdədir. AMEA RSXM –nın yüksək ixtisaslı elmi-texniki heyətinin bir çoxu elmlər namizədi və elmlər doktorlarıdır. 2008-ci ildə qurum iki mühüm seysmoloji beynəlxalq təşkilatın – İRİS (Birləşmiş seysmoloji Tədqiqatlar İnstitutu ) və ORFEUS (Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi) həqiqi üzvü seçilmişdir.
